Balakən rayonunda ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib.
Görüşdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, RİH-in əməkdaşları, Balakən rayonu üzrə təhsil sektorunun müdiri Elvin Mustafayev, ATİAHİ-nin Balakən rayon komitəsinin rəhbəri Ramazan Mololov, sektor əməkdaşları, məktəb direktorları, təhsil işçiləri və qəbul imtahanında yüksək nəticə göstərmiş məzunlar iştirak edib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib. Balakəndə elmə, təhsilə həmişə böyük maraq olduğunu vurğulayıb, tələbə adını qazanan məzunları təbrik edib, gənclərə dövlətini sevən əsl vətəndaş olmağı arzulayıb.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Elvin Mustafayev 2022/2023-cü tədris ilində rayon üzrə təhsil sahəsində əldə edilmiş nailiyyətlərin statistikasını diqqətə çatdırıb, təhsilin inkişafına göstərilən dövlət qayğısı, bu istiqamətdə görülən işlər barədə danışıb. Sektor müdiri tələbə adını qazanan məzunları təbrik edib, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmələrini arzulayıb.
Sonda yüksək nəticə göstərən məzunlara mükafatlar təqdim edilib.
Qeyd edək ki, Balakən rayonu üzrə 3 nəfər 600 baldan yuxarı, bundan əlavə, 23 nəfər isə 500 baldan yuxarı nəticə göstərib.