Sentyabrın 14-də Zaqatala rayon Aydın Babayev adına Mosul kənd tam orta məktəbinin açılış mərasimi keçirilib.
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev, Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Zaqatala rayonu üzrə Təhsil sektorunun rəhbər şəxsləri, şəhid ailələrinin üzvləri, məktəbin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə elm və təhsil nazirinin müavini İdris İsayev müəllim və şagirdləri yeni məktəbin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkəmizdə təhsilə göstərilən diqqət və qayğıdan, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə yönələn mühüm tədbirlərdən danışıb. Nazir müavini bildirib ki, ölkəmizdə fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin böyük bir qismi yenilənib. Bu proses hər il davam etdirilir.
Tədbirdə Zaqatala Rayon İcra Hakimiyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, məktəb kollektivini və valideynləri yeni tədris ilinin başlanması və təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə təbrik edib, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan danışıb.
Sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 487 şagird yerlikdir. Yeni inşa olunmuş ikimərtəbəli məktəbdə kimya, biologiya, fizika, informatika kabinentləri, sinif otaqları, fizika və kimya laboratoriyaları, idman və akt zalları, kitabxana, yeməkxana, hərbi təlim, tibb otağı fəaliyyət göstərir. Məktəbin həyətində idman meydançası salınıb.