09.09.2023

Ali məktəblərə yüksək balla qəbul olmuş şəkili məzunlar mükafatlandırılıb

Şəki Heydər Əliyev Mərkəzində rayon üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunlarla, həmçinin respublika fənn olimpiadalarının və digər müsabiqələrin qalibləri ilə görüş keçirilib. Tədbirdə şəhər rəhbərliyi, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, qazilər, valideynlər iştirak ediblər.

Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəki rayonu üzrə Təhsil Sektorunun müdiri Zamik Cəbiyev 2022-2023-cü tədris ilinin yekunları və təhsil sahəsində əldə olunmuş nəticələrə dair məruzə ilə çıxış edib.

Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində son illər ölkəmizdə təhsilin inkişafı ilə bağlı kompleks tədbirlərin həyata keçirildiyini bildirib, Şəkidə elmə, təhsilə həmişə böyük maraq olduğunu vurğulayıb, tələbə adını qazanan məzunları təbrik edib, gənclərə dövlətini sevən əsl vətəndaş olmağı arzulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tələbə adını qazanan məzunları təbrik edib, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etmələrini arzulayıb. Diqqətə çatdırılıb ki, təhsilə göstərilən dövlət qayğısı nəticəsində bu il regionun təhsil ocaqlarının məzunları ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanıblar.

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, İkinci Qarabağ müharibəsi veteranı, İbrahimkənd tam orta məktəbinin direktoru Cəlal Bayramov, respublika fənn olimpiadasının bürünc mükafatçısı, Şəki şəhər 7 nömrəli tam orta məktəbin qızıl döş nişanlı məzunu, 665,5 bal toplayaraq ali məktəbə qəbul olmuş Zəhra Sadıqlı, Kimya-biologiya təmayüllü liseyin müəllimi Sevinc Ziyəddinova, şahmat üzrə dünya çempionatının gümüş mükafatçısı Süleyman Süleymanlının anası, Əməkdar məşqçi-müəllim Gülnarə Süleymanova çıxış ediblər.

Sonra Şəki rayonu üzrə 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olmuş məzunların, respublika fənn olimpiadalarının və digər müsabiqələrin qaliblərinin, həmçinin tədris ilinin yekunlarına əsasən, qızıl və gümüş nişanla təltif olunanların mükafatlandırılması mərasimi olub.

Yeni tədris ilinin başlanması ilə əlaqədar Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və yerli iş adamı Rahim Calalovun dəstəyi ilə Vətən müharibəsi şəhidlərinin və əlillərinin övladları üçün hazırlanmış məktəbli geyimi və ləvazimatlarından ibarət hədiyyələr uşaqların valideynlərinə təqdim edilib.

Tədbir bədii hissə ilə başa çatıb.


Açar sözlər: ,  ,  ,