Sentyabrın 8-də Oğuz rayon Mədəniyyət Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşü olub.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Rayon rəhbərliyinin, müəllim və valideynlərin iştirak etdiyi tədbirdə Regional İdarənin Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev ali məktəblərə qəbul imtahanlarında məzunların qazandıqları uğurlardan danışıb. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 291 məzundan 179 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 20 nəfəri 500-700 bal arası, o cümlədən 7 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin anası Aqibət İbrahimova, təhsil işçiləri, Ə.Nəbiyev adına Tərkeş kənd tam orta məktəbin məzunu, qızıl medala layiq görülən Lena Məmmədli çıxış edərək, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Yüksək balla ali məktəblərə daxil olan gənclər rayon icra hakimiyyəti tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılıblar.