Sentyabrın 1-də Şəki rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Şəki rayon Qoxmuq kənd tam orta məktəbinin akt zalında keçirilən görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşları, rayonlar üzrə təhsil sektorlarının rəhbər şəxsləri, həmçinin həmin rayonların ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və aidiyyatı şəxslər iştirak ediblər.
Görüşün məqsədi Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin nəzdində fəaliyyət göstərən "161-Qaynar xətt" əlaqə mərkəzinə cari ilin 6 ayı ərzində daxil olmuş müraciətlərin təhlili nəticəsində aşkar edilmiş hüquqpozmaların qarşısının alınması ilə bağlı müəssisə rəhbərlərini məlumatlandırmaqdan ibarətdir.
Görüşün gedişində müvafiq məsələlər barədə müəssisə rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib, onları maraqlandıran suallara aydınlıq gətirilib.