Oğuz rayonunda şəhid baş leytenant İntizam Rəhimov Əhməd oğlunun şəhadətinin 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilib.
Anım tədbirində şəhid müəllimin adını daşıyan Qumlaq kənd tam orta məktəbinin rəhbərliyi, müəllim və şagird kollektivi, Tayıflı kənd tam orta məktəbinin müəllimləri, şəhidin döyüş yoldaşları, kənd icra nümayəndəliyi, bələdiyyə, şəhidin övladları və yaxınları iştirak edib.
Qeyd edək ki, Rəhimov İntizam Əhməd oğlu 04.01.1959-cu ildə Oğuz rayon Qumlaq kəndində anadan olmuşdur. O, 1966-1976-cı illərdə orta təhsilini həmin kənddə bitirmişdir. İntizam Rəhimov 1982-ci ildə Azərbaycan Pedaqoji İnstitunun hərbi hazırlıq fakültəsinə qəbul olmuş və 1986-cı ildə həmin fakültəni bitirmişdir. Oğuz rayonunun bir neçə kənd məktəbində gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi olaraq fəaliyyət göstərmişdir.
I Qarabağ müharibəsində 1992-ci ilin iyununda İntizam Rəhimov könüllü olaraq vətənin müdafiəsinə yollanmış, 05 iyul 1992-ci ildə Ağdamın Naxçıvanik kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Vətən uğrunda canından keçmiş İntizam Rəhimovun adı əbədiləşdirilmiş, oxuduğu Qumlaq kənd tam orta məktəbi və Oğuz rayonundakı küçələrdən birinə İntizam Rəhimovun adı verilmişdir.