18.08.2023

Direktor müavinlərinin və təşkilatçıların işə qəbulu prosesinə başlanılır

Şəki-Zaqatala Regional Təhsil İdarəsi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.

Müsabiqə 4 mərhələdən (qeydiyyat, sənədlərin yoxlanması, test və müsahibə) ibarət olacaq.

Namizədlər 18-27 avqust 2023-cü il tarixlərində (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil sektorlarına təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

Namizədlər üçün tələblər:

- pedaqoji ixtisas üzrə ali təhsil;

- 3 ildən az olmayaraq pedaqoji staj

- hazırda ümumi təhsil müəssisəsində müəllim kimi pedaqoji fəaliyyət göstərmək.

Tələblərə cavab verən namizədlər test imtahanı mərhələsinə dəvət olunacaqlar. Test imtahanında namizədlərə pedaqogika və metodikadan 20 sual, əmək və təhsil qanunvericiliyi, riyazi məntiq üzrə hər birinə aid 10 sual olmaqla, ümumilikdə 40 test tapşırığı təqdim ediləcək.

Test imtahanında sualların yarısını düzgün cavablandırmış namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanacaqlar.

Müsahibə zamanı yoxlanılacaq meyarlar:

- Vəzifə üzrə praktiki biliklər;

- İdarəetmə bacarıqları;

- Şəxsi keyfiyyətlər.

Aşağıdakı keçid vasitəsilə sözügedən vəzifələr üzrə vakant olan ümumi təhsil müəssisələri ilə tanış ola bilərsiniz:

Keçid linki: https://l24.im/mIL6xQ7


Açar sözlər: ,  ,  ,