“Heydər Əliyev İli” çərçivəsində Şəkidə məktəb komandaları arasında 3 mərhələdən – “Nə? Harada? Nə zaman?”, “Xəmsə” Milli İntellektual Oyunu və “Breyn-rinq” mərhələlərindən ibarət intellektual bilik yarışı keçirilib. Şəki rayonu üzrə Təhsil sektorunun və Şəki şəhər kimya-biologiya təmayüllü liseyin birgə təşkilatçılığı ilə keçirilən və Ulu Öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunan bilik yarışında aşağı (6-8-ci siniflər) və yuxarı (9-11-ci siniflər) yaş kateqoriyaları üzrə ümumilikdə 40 komanda iştirak edib.
Şəki rayon Qoxmuq kənd tam orta məktəbin akt zalında keçirilmiş bilik yarışının yekun nəticələrə əsasən, aşağı yaş kateqoriyası üzrə yarışda müxtəlif məktəblərin şagirdlərindən qarışıq şəkildə təşkil olunmuş “Mançester”, “Boz Qurd” və Orta Zəyzid kənd tam orta məktəbinin “Aydın” komandaları ilk yerləri tutublar. Yuxarı yaş kateqoriyası üzrə yarışda isə Oxud kənd tam orta məktəbin “Brenin” komandası qalib adını qazanıb. Şəki şəhər 1 və 18 nömrəli tam orta məktəblərin “Aysberq” və “Çələbi xan” komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
İntellektual yarışın qalibləri kubok, medal, fəxri fərman və kitablarla mükafatlandırılıblar.