12.05.2023

Oğuzun Qarabulaq kənd məktəbinin 125 yaşı tamam olub

Oğuz rayonu Əjdər Mahmudov adına Qarabulaq kənd tam orta məktəbin 125 illik yubiley tədbiri keçirilib. Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, YAP rayon təşkilatının, rayon Təhsil sektorunun nümayəndələri, şəhidlərin ailə üzvləri, qazilər, məktəbin məzunları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Elçin Yusubov çıxış edərək, bu təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirilib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var.

Oğuz Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ayaz Ağayev məktəb kollektivini 125 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin əməkdaşı Rauf Əsədov çıxış edərək, təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb, hazırda Prezident İlham Əliyevin bu ənənəyə sadiq qalaraq, təhsil islahatlarını uğurla davam etdirdiyini diqqətə çatdırıb.

Tədbirdə təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlardan bəhs edən videoçarxlar nümayiş olunub. Şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Sonda məktəbin qabaqcıl müəllimləri və şagirdlərinə fəxri fərmanlar, veteran müəllimlərinə qiymətli hədiyyələr təqdim olunub.


Açar sözlər: ,