01.05.2023

Vətən müharibəsi şəhidi Elməddin Mustafayevin doğum gününə həsr olunmuş tədbir keçirilib

Qəbələ şəhər 4 nömrəli tam orta məktəbdə şəhid Elməddin Mustafayevin doğum gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Qəbələ rayonu üzrə təhsil sektorunun müdiri Arifə Bayramova, şəhidin ailə üzvü, müəllimlər və şəhidin adını daşıyan IVc sinfinin şagirdləri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra şəhidin həyatına və hərbi fəaliyyətinə həsr olunmuş məruzə səsləndirilib, şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.

Qeyd edək ki, Elməddin Mustafayev 10 oktyabr 2020-ci ildə Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olub.  Prezident İlham Əliyevin Sərəncamına əsasən şəhid Elməddin Mustafayev ölümündən sonra işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə "Vətən uğrunda", “Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü“ medalları ilə təltif edilib.


Açar sözlər: ,  ,  ,