Aprelin 30-da Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində təhsil alan şagirdlər arasında Respublika fənn müsabiqəsi və Lütfi Zadə adına məntiq olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib.
Təhsil İnstitutunun təşkilatçılığı ilə keçirilən müsabiqədə Şəki şəhəri üzrə 853, Balakən rayonu üzrə 469, Oğuz rayonu üzrə 357, Qəbələ rayonu üzrə 352, Zaqatala rayonu üzrə 297, Qax rayonu üzrə isə 252 şagird iştirak edib.
Qeyd edək ki, VI və VII sinif şagirdlərinin iştirak etdiyi fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil olunub. Bu müsabiqələrin keçirilməsində məqsəd müvafiq istiqamətlər üzrə istedadı ilə seçilən şagirdlərin müəyyənləşdirilməsi, onların həvəsləndirilməsi və həmin istiqamətlərə olan marağının artırılmasından ibarətdir.
Lütfi Zadə adına məntiq olimpiadası isə V sinif şagirdləri arasında keçirilib. Olimpiadanın keçirilməsində əsas məqsəd şagirdlərdə riyazi məntiqlə yanaşı məntiqi təfəkkür, yaradıcılıq, diqqət, hafizə, analiz, müqayisə, planlama və təhlil kimi bacarıqlarının inkişafına müsbət təsir göstərməkdir.