28.04.2023

“Üç əsrin şahidi məktəb” adlı tədbir keçirilib

Aprelin 28-də Oğuz rayonu Tale Babayev adına Yaqublu kənd tam orta məktəbin 125 illiyi münasibətilə “Üç əsrin şahidi məktəb” adlı tədbir keçirilib.

Tədbirdə Oğuz Rayon İcra Hakimiyyətinin, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, YAP rayon təşkilatının, rayon Təhsil sektorunun nümayəndələri, məktəbin məzunları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru İmran Verdiyev çıxış edərək, bu təhsil ocağının yaranma tarixi, keçdiyi inkişaf yolu barədə danışıb. Bildirilib ki, təcrübəli pedaqoji kollektivi olan məktəbin öz peşəsinə ürəkdən bağlı olan, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərən müəllimləri var.

Oğuz Rayon İcra Hakimiyyətinin nümayəndəsi Sənan Əliyev məktəb kollektivini 125 illik yubiley münasibətilə təbrik edib, kollektivə gələcək fəaliyyətində daha böyük uğurlar arzulayıb.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin nümayəndələri Vəli Əmirli və Cavid Məmmədli çıxış edərək, təhsilin Azərbaycanın dövlət siyasətinin prioritetlərindən biri olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin inkişafına böyük diqqət yetirildiyini vurğulayıb, hazırda Prezident İlham Əliyevin bu ənənəyə sadiq qalaraq, təhsil islahatlarını uğurla davam etdirdiyini diqqətə çatdırıblar.

Tədbirdə təhsil müəssisəsinin tarixindən və qazandığı uğurlarından bəhs edən videoçarxlar nümayiş olunub.

Yubiley tədbirində şagirdlər vətənpərvərlik, təhsil və məktəb həyatından bəhs edən şeirlər, mahnılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Məktəbin qabaqcıl müəllimləri və şagirdləri fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.


Açar sözlər: ,  ,  ,