Şəki şəhər fizika-riyaziyyat və hümanitar təmayüllü liseyinin və Şəki şəhər 5, 10,18 nömrəli tam orta məktəblərinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib.
Şəki şəhər Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Şəki rayon təhsil sektorunun müdiri Zamik Cəbiyev, Şəki şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, ATİAHİ -nin Şəki rayon Komitəsinin sədri Ziyafət Xasıyeva, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Mərkəzinin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, dahi rəhbərin xatirəsini ehtiramla anıblar.
İlk öncə Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin və ərazi bütövlüyümüz uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxışlarda Ulu Öndər Heydər Əliyevin təhsil sferasında gördüyü işlər barədə məlumat verilib, keçirilən təhsil islahatının əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin dövründə qoyulan təhsil strategiyası Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirdə məktəblilərin ifasında Ümummilli Lider Heydər Əliyevə, vətənpərvərlik mövzusuna həsr olunmuş şeirləri səsləndirilib, mahnılar ifa olunub, ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.