Balakən rayon Qaysa kənd tam orta məktəbdə şəhid Heybullah Əsdiyevin xatirəsinə həsr olunmuş bilik yarışının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdən öncə şəhid Heybullah Əsdiyevin evi ziyarət edilib, 44 qız və 44 oğlan şagirdinin iştirakı ilə 44 metrlik Azərbaycan bayrağı ilə "Şəhidlər ölməz, Vətən bölünməz" şüarı ilə şəhidin evindən məktəbə qədər yürüş keçirilib.
Mükafatlandırma mərasimində Şuşanın alınması uğrunda böyük şücaət göstərmiş Vətən Müharibəsi Qəhrəmanı kapitan Ramazan Hudulov, Balakən rayon Təhsil sektorunun müdiri Elçin Musayev, Qabaqçöl polis bölməsinin rəisi Vilayət Allahverdiyev, şəhid valideynləri, kənd ziyalıları, icra nümayəndələri və məktəb kollektivi iştirak edib.
Məktəbin məzunu Mahama Purtiyevin dəstəyi ilə keçirilən yarışın qalibləri diplom, şəhidin şəkli həkk olunmuş döş nişanı və pul mükafatı ilə təltif olunublar.