06.04.2023

Şagird sayı 500-dək olan ümumi təhsil müəssisələrinə #DirektorlarınİşəQəbulu müsabiqəsi ilə bağlı ən çox verilən suallar və cavablar

1. Şagird sayı 500-dək və hazırda direktor vəzifəsi vakant olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqədə (Bundan sonra – Müsabiqə) kimlər iştirak edə bilər?

- Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (elmi dərəcəsi və ya elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda yerli təhsili idarəetmə orqanlarının tabeliyindəki ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak edə bilərlər.

2. Müsabiqə hansı mərhələlərdən ibarətdir?

- Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu 3 (üç) mərhələdən (sənəd qəbulu, müsahibə və vakant yerlərə yerləşdirilmə), şagird sayı 151-500-arası olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu isə 4 (dörd) mərhələdən (sənəd qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarət müsabiqə yolu ilə keçirilir.

3. Müsabiqəyə sənədlərin qəbulu üçün qeydiyyat hansı qaydada həyata keçirilir?

- Müsabiqədə iştirak etmək istəyən namizədlər 04-11 aprel tarixlərində tələb olunan sənədləri Regional Təhsil İdarəsində yaradılmış komissiyaya təqdim etməklə qeydiyyatdan keçə bilərlər.

4. Müsabiqədə iştirak üçün hansı sənədlər təqdim olunmalıdır?

- Kadrlar uçotunun şəxsi vərəqəsi;

- Şəxsiyyət vəsiqəsinin surəti;

- Əmək kitabçasının surəti;

- Ali təhsil haqqında sənədin və əlavənin surəti təqdim olunmalıdır.

5. Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu necə müəyyənləşdirilir?

- Namizəd haqqında məlumatların müsabiqənin şərtlərinə uyğunluğu regional təhsil idarələrinin müvafiq komissiyası tərəfindən araşdırılır və tələblərə cavab verən namizədlərin sənədləri qəbul edilir.

Qeyd: Müsabiqənin hər hansı bir mərhələsində namizədin təqdim etdiyi sənədlərində uyğunsuzluq aşkar olunduğu halda, namizədin müsabiqənin şərtlərinə uyğunluğuna imtina verilə bilər.

6. Namizədlər sənəd qəbulunda neçə vakant yer seçə bilərlər?

- Namizədlər hazırda işlədiyi ümumi təhsil müəssisəsinin tabe olduğu təhsil idarəsi üzrə 4 vakant ümumi təhsil müəssisəsini seçə bilərlər.

7. Müsabiqənin sənəd qəbulu mərhələsində namizədlər hər iki kateqoriya üzrə (şagird sayı 150-dək və şagird sayı 151-500 arası ) vakant yer seçimi edə bilərlərmi?

- Bəli, namizədlər maksimum 4 (dörd) olmaqla hər iki kateqoriya üzrə (şagird sayı 150-dək və şagird sayı 151-500 arası) vakant yer seçimi edə bilərlər.

8. Müsabiqədə uşaq birliyi təşkilatı rəhbərləri, psixoloqlar, gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri iştirak edə bilərlərmi?

- Bəli, müvafiq tələblər gözlənilməklə iştirak edə bilərlər.

9. Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində deyil, digər yerli təhsili idarə orqanlarının tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəxslər Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan yerlərlə bağlı müsabiqədə iştirak edə bilərlərmi?

- Xeyr.

10. Müsabiqənin test və müsahibə mərhələləri hansı formada təşkil olunacaq?

- Şagird sayı 150-dək olan ümumi təhsil müəssisələri üzrə müraciət edən namizədlərlə video-çəkiliş təmin edilməklə müsahibə, şagird sayı 151-500 arası olan ümumi təhsil müəssisələrinə müraciət edən namizədlərlə əvvəlcə test imtahanı, uğur qazanan namizədlərlə video-çəkiliş təmin edilməklə müsahibə təşkil edilir.

11.Test imtahanı mərhələsində namizədlərin bilikləri hansı bölmələr üzrə yoxlanılacaq?

- Müsabiqənin test imtahanı mərhələsində namizədlərə tənqidi oxu, riyazi və məntiqi düşünmə bacarıqlarının, təhsil qanunvericiliyi ilə bağlı biliklərin yoxlanılması məqsədilə hər bölmə üzrə 15 sual olmaqla, ümumilikdə 45 test tapşırığı təqdim ediləcək.

12. İmtahan neçə dəqiqə müddətində təşkil olunacaq?

- Test imtahanının müddəti 80 dəqiqə olacaq.

13. Müsabiqənin keçid balı nə qədərdir?

- Müsabiqənin test imtahanı mərhələsinin keçid balı 24-dur.

14. Müsahibə mərhələsində namizədlərin bilikləri necə yoxlanılacaq?

- Müsahibə mərhələsində namizədlərin vəzifə üzrə praktiki bilikləri, idarəetmə bacarıqları və şəxsi keyfiyyətləri 5 ballıq şkala ilə qiymətləndirilir. Ümumi orta bal 3 və daha yuxarı olduqda nəticə məqbul hesab olunur.

15. Hər hansı bir səbəbdən göstərilən vaxtda imtahanda və müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və ya müsahibə keçiriləcəkmi?

- Xeyr.

16. Hansı namizədlərə üstünlük tətbiq oluna bilər?

- Bir vakant yerə müsabiqədə uğur qazanaraq eyni bal toplayan 1-dən çox namizəd olduğu halda aşağıda qeyd olunan üstünlük hüquqları tətbiq olunur:

Müəllimlərin işə qəbulu üzrə müsabiqə, sertfikatlaşdırma və ya diaqnostik qiymətləndirmə imtahanında yüksək nəticə əldə etmiş şəxslərə üstünlük verilir.

17. İşə qəbul olmuş direktorların iş yerinin dəyişdirilməsi həyata keçirilirmi?

- Müsabiqənin nəticəsinə əsasən təyinat almış direktorlar 3 ildən artıq müddətdə təyin olunduğu müəssisədə işlədiyi halda şagird sayı daha çox olan məktəblərə məktəbin son 3 il ərzində buraxılış imtahanları və məzunların ali məktəblərə qəbul nəticələri nəzərə alınaraq Nazirlik tərəfindən qərar qəbul edilməklə onların yerdəyişməsinə icazə verilir.


Açar sözlər: ,