19.03.2023

Zaqatala, Balakən və Qax rayonlarında tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 10 mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) martın 12-də qurumun Şəki regional bölməsinin əhatə etdiyi Zaqatala, Balakən və Qax rayonlarında tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirdiyi buraxılış imtahanları başa çatıb.

İmtahanların keçirilməsi üçün Zaqatala rayonunda 5, Balakəndə 3, Qax rayonunda isə 2 mərkəz olmaqla, ümumilikdə 10 bina ayrılıb. Buraxılış imtahanları Zaqatala şəhər 1, 2, 3 nömrəli və Qazangül qəsəbə tam orta məktəblərdə, Zərifə Əliyeva adına Texniki təmayüllü liseydə, Balakən şəhər 1, 3 nömrəli və Hənifə kənd tam orta məktəblərdə, həmçinin Qax şəhər 2 nömrəli orta məktəb-lisey və 5 nömrəli tam orta məktəbdə təşkil olunub.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binalarına müxtəlif daxilolma vaxtları müəyyən edilib və həmin vaxt iştirakçının buraxılış vərəqəsində göstərilib.

Zaqatalada keçirilən və ümumilikdə 1090 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 14 imtahan rəhbəri və 104 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 86 zal ayrılıb.

Balakəndə keçirilən buraxılış imtahanında 690 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 10 imtahan rəhbəri və 67 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 56 zal ayrılıb.

Qax rayonunda keçirilən və 537 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 6 imtahan rəhbəri və 48 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 40 zal ayrılıb.


Açar sözlər: ,