“Heydər Əliyev İli” çərçivəsində Balakən rayonunda məktəblilər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə intellektual liqa yarışları keçirilir. Rayon Gənclər və İdman İdarəsi, Təhsil sektoru və Gənclər evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə fevralın 6-dan start verilən və xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan intellektual yarışda ümumtəhsil məktəblərini təmsil edən 8 komanda mübarizə aparır. Bir komandanın heyəti 6 məktəblidən ibarətdir.
Yarışın təşkilində əsas məqsəd yeniyetmə və gənclərin Ümummilli Liderin həyat və fəaliyyəti, xalq və Vətən qarşısındakı xidmətləri barədə məlumatlılığını artırmaq, onların intellektual potensialını yüksəltməkdir.
İntellektual liqanın 4 turu artıq arxada qalıb. Qaravəli kənd tam orta məktəbin komandası hələlik 20 xalla liderdir. Balakən Humanitar və texniki təmayüllü liseyin və şəhər Nizami adına 1 saylı tam orta məktəbin komandaları 18,5 xalla sonrakı yerləri tuturlar.
İntellektual liqanın final turu martın 13-də keçiriləcək. Yüksək xal toplayan komandalar diplomlarla təltif ediləcək.