Şəki-Zaqatala Regional Təhsil İdarəsinin inzibati binasında 8 Mart - Beynəlxalq Qadınlar Günü qeyd olunub.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, idarənin struktur bölmə rəhbərləri, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin sədri Ziyafət Xasıyeva və ŞZRTİ-nin xanım əməkdaşları iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən idarə müdir Bəhruz Mehdiyev ilk olaraq kollektivin qadın üzvlərini əlamətdar gün münasibətilə təbrik edib və onlara xoş arzularını bildirib. Azərbaycanda qadınlarla bağlı həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini vurğulayan idarə müdiri xanımların ölkə həyatının digər istiqamətlərində olduğu kimi, təhsil sahəsində də öncül mövqe tutduğunu qeyd edib. Azərbaycan qadınlarının tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi olduğunu söyləyən idarə müdiri xanımların üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməsi və cəmiyyətdə fəal mövqe tutmasını təqdirəlayiq hal kimi səciyyələndirib.
Sonra ŞZRTİ kollektivinin qadın üzvlərinə səmimi arzularını bildirən idarənin struktur bölmə rəhbərləri təhsil sektorunda mühüm nailiyyətlərin əldə edilməsində, cəmiyyətdə və ailədə milli-mənəvi dəyərlərin formalaşması, inkişafı və qorunmasında qadınların müstəsna rolundan danışıblar.
Sonda 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə idarənin xanım əməkdaşlarına Şəki-Zaqatala Regional Təhsil İdarəsinin hədiyyələri və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon Komitəsinin Fəxri fərmanları verilib.