20.01.2023

“20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda "dəyirmi masa" keçirilib

Balakən Rayon İcra Hakimiyyəti, Heydər Əliyev Mərkəzi, Balakən rayon Təhsil sektoru, rayon Gənclər və İdman İdarəsi və bir sıra dövlət orqanlarının əməkdaşlarının iştirakı ilə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda "dəyirmi masa" keçirilib. Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə həmçinin şəhid anaları, müharibə veteranları, təhsil içiləri, ziyalılar və gənclər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan Balakən RİHB-nın müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nəzakət Rüstəmova çıxış edərək xalqımızın qəhrəmanlıq tarixində 20 Yanvar hadisələrinin mühüm yer tutduğunu və bu hadisələrə ilk dəfə Ümummilli liderimiz Heydər Əliyev tərəfindən siyasi qiymət verildiyini bildirib.

Balakən rayon Təhsil sektorunun aparıcı məsləhətçisi, tarixçi Sevinc İbadova 20 Yanvar faciəsinin tarixi xronikası, Azərbaycan tarixində müstəqilliyin əldə edilməsi uğrunda mübarizənin tarixi mərhələləri, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verməsi istiqamətində gördüyü tədbirlərdən, habelə 20 Yanvar faciəsi ilə bağlı həmin dönəmdə dünya mediasında dərc olunmuş məqalər barədə ətraflı məlumat verib. Bildirib ki, 20 Yanvar faciəsinin törədilməsindən bir gün sonra Moskvada Ulu Öndər Heydər Əliyev Yanvar faciəsi ilə bağlı bəyanatı 20 Yanvar qırğınına verilmiş birinci siyasi qiymət idi. Ulu Öndərin təşəbbüsü ilə 1994-cü il martın 29-da qəbul edilən “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərarla 20 Yanvar qırğınına dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib. Ümumxalq Hüzn Günü elan olunması, “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi, Şəhidlər Xiyabanında “Əbədi məşəl” kompleksinin yaradılması, 20 Yanvar şəhidlərinin ailələrinin və əlillərinin sosial müdafiəsinin gücləndirilməsi də Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Digər çıxışlarda vurğulanıb ki, 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Xalqımız Ulu Öndər Heydər Əliyev zəkası və siyasi bacarığı sayəsində öz istiqlaliyyətinə qovuşdu. Heydər Əliyev ideyalarının və siyasətinin layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci ildə baş vermiş Vətən müharibəsində düşmən üzərində qələbəmizi təmin edərək xalqımıza böyük zəfərin sevincini yaşatdı.

Torpaqlarımızın işğaldan azad olunması uğrunda canından keçən şəhidlərimizin, Azərbaycan xalqının qan yaddaşı olan 20 Yanvar faciəsinin qurbanlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.


Açar sözlər: ,