Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində Ulu Öndər Heydər Əliyevə həsr olunmuş tədbirlər təşkil olunub.
Təhsil müəssisələrində Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “dəyirmi masa”, mühazirə və seminarlar, sərgi, müsabiqə və idman yarışları keçirilib. Ulu Öndər Heydər Əliyevin rayon mərkəzindəki büstü təhsil işçiləri və şagirdlər tərəfindən ziyarət olunub, rayon Heydər Əliyev Mərkəzinə ekskursiyalar təşkil olunub.
Anım tədbirləri Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayıb, sonra isə Ümummilli liderimiz Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Tədbirlərdə şagirdlərə Ulu öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı, müstəqilliyimizin qorunması və milli dövlətçiliyimizin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışılıb. Bildirilib ki, 1993-cü ilin iyun ayında Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanda müstəqilliyin, suverenliyin qorunması, ölkədə ictimai-siyasi sabitliyin bərpa edilməsi mümkün olub. Bu uzaqgörən siyasət nəticəsində Azərbaycan inkişaf edən, beynəlxalq miqyasda nüfuzu gün-gündən artan dövlətə çevrilib, yeni iqtisadi uğurlara imza atıb. Çıxışlarda vurğulanıb ki, Ümummilli lider Heydər Əliyev bütün ictimai-siyasi fəaliyyəti dövründə Azərbaycanın inkişafına çalışıb, millətimiz, xalqımız üçün əlindən gələni əsirgəməyib. Onun Azərbaycanın inkişafı və tərəqqisi ilə bağlı ideyaları, fikirləri Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Tədbirlərdə məktəblilər Ulu Öndərə həsr olunan şeirlər söyləyib, mahnılar ifa edib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.