Rasim Ocaqov adına Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində 26 noyabr – Azərbaycan Kəlağayısı Günü münasibətilə “Nənələrdən miras qalan ismətimdir kəlağayı” adlı festival keçirilib. Elm və Təhsil Nazirliyi, Bakı şəhər 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsi, Şəki və İsmayıllı Uşaq-Gənclər İnkişaf mərkəzlərinin birgə təşkilatçılığı ilə reallaşan tədbirdə əlaqədar qurumların əməkdaşları, şəhid anaları və qazilər, uşaq və yeniyetmələr iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Festivalın açılışında Elm və Təhsil Nazirliyinin nümayəndəsi Abduləli Mürsəlov, Şəki Şəhər İcra Hakimiyyətinin əməkdaşı Anar Məmmədov, Şəki Şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xalidə Əliyeva, Bakı şəhər 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elza Orucova çıxış edərək, tədbirin əhəmiyyətindən, istedadlı uşaqların üzə çıxarılması istiqamətində aparılan işlərdən danışıb, uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli keçməsində, onların zərərli vərdişlərdən uzaqlaşmasında belə tədbirlərin əhəmiyyətli olduğunu vurğulayıblar.
Diqqətə çatdırılıb ki, ipəkçilik ənənələrinin qorunub saxlandığı Şəkidə kəlağayı sənəti bütün dövrlərdə yerli sakinlərin həyatında və məişətində özünəməxsus yer tutub. Bu sənət Şəkidə nəsildən-nəslə ötürülərək zəmanəmizə qədər gəlib çatıb.
Festivalda uşaqların ifasında Azərbaycana, Vətənə, vətənpərvərliyə, birliyə, kəlağayıya həsr edilən şeirlər və mahnılar səslənib, rəqslər ifa olunub.