17.11.2022

Rəvan Lətifovun şəhadətə yüksəlməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib

Vətən müharibəsinin şəhid müəllimi Rəvan Lətifovun şəhadətə yüksəlməsinin ildönümünə həsr olunmuş tədbir keçirilib.

Öncə Oğuz rayon Təhsil sektorunun rəhbərliyi, sektor əməkdaşları, müəllim və şagird kollektivi Şəhidlər Xiyabanını ziyarət edib, qəhrəman müəllimin məzarı üzərinə gül dəstələri düzüb və onun əziz xatirəsini böyük ehtiramla yad ediblər.

Anım tədbirində çıxış edən şəhid Rəvan Lətifovun ailəsi tarixi qələbənin əldə olunmasında canından keçən bütün qəhrəman oğulların xatirəsinin əbədi yaşayacağını qeyd edib. Şəhid R. Lətifovun timsalında şəhidlərin şərəfli döyüş yolunun gələcək nəsillərə nümunə olduğu, xalqımızın mərd, vətənpərvər, qəhrəman oğulları ilə fəxr etdiyi vurğulanıb.

Daha sonra Xaçmaz kənd 1 və 2, Sincan kənd tam orta məktəblərin şagirdlərinin təqdimatında şəhid Rəvan Lətifova həsr edilmiş şeirlər səsləndirilib. Tədbir vətənpərvərlik mövzusunda bədii kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Rəvan Lətifov Oğuz rayon Sincan kənd tam orta məktəbində təşkilatçı vəzifəsində çalışıb. Vətən müharibəsində Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə iştirak edən Rəvan Lətifov Daşaltı-Şuşa döyüşlərində şəhadətə yüksəlib.  


Açar sözlər: ,