15.11.2022

Şahmat idman növü üzrə Respublika birinciliyinin zona mərhələsinə start verilib

11-18 noyabr 2022-ci il tarixlərində keçiriləcək “Təhsil” Respublika  İdman Mərkəzinin şahmat idman növü üzrə Respublika birinciliyinin zona mərhələsinin yarışlarına Qax rayonunda start verilib.

Quba, Göyçay, Gəncə, Qax və Neftçala rayonlarında təşkil olunan zona yarışlarında 6 yaş qrupu üzrə 12 kateqoriyada oğlan və qızlardan ibarət 412 nəfər idmançı mübarizə aparır.Tədbirin  açılış mərasimində iştirak edən Şəki-Zaqatala Reqional Təhsil İdarəsinin Qax rayon üzrə Təhsil sektorunun müdiri Babək Heydərov çixiş edərək yarış iştirakçılarına uğurlar arzulayıb.

Zona yarışlarında I, II, III yeri tutan şahmatçılar “Təhsil” Respublika İdman Mərkəzi tərəfindən diplom və medal ilə təltif olunacaq, yarışlarda I və II yeri tutan idmançılar final mərhələsinə vəsiqə qazanacaq.

Yarışın keçirilməsində məqsəd Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin şagirdləri arasında yaş qrupları üzrə ən güclü şahmatçıların müəyyən edilməsi, istedadlı şahmatçıların üzə çıxarılması, onların Mərkəzin yaş qrupları üzrə yığma komandalarına cəlb edilməsi və şahmatçılar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.

Qeyd edək ki, yarışın final mərhələsi 04-11 dekabr 2022-ci  il tarixlərində "Təhsil" Respublika İdman Mərkəzinin 3 nömrəli respublika ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman-şahmat məktəbində keçiriləcək.