Şəki şəhər 11 nömrəli tam orta məktəbdə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının (DSX) əsgəri olmuş şəhid Səbuhi İsgəndərlinin xatirəsinə həsr olunan anım tədbiri keçirilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin rəhbər və əməkdaşları, DSX-nın əsgər, gizir və zabitləri, şəhər icra hakimiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər və müharibə veteranları iştirak ediblər.
Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev və başqaları çıxış edərək, Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, şəhid Səbuhi İsgəndərlinin döyüş yolundan bəhs ediblər.
Görüşdə iştirak edən şəhid valideynləri Vətən yolunda canlarından keçən övladları ilə qürur duyduqlarını söyləyib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib.