Oktyabrın 31-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Şəki rayonunda şəhid ailələrinin üzvləri ilə görüşüb.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, İdarənin müdiri müavini Günay Mahmudova, şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin rəhbəri Ziyafət Xasıyeva, Şəki rayonu üzrə Təhsil sektorunun baş məsləhətçisi Elxan Abdullayev və şəhid ailələrinin üzvləri iştirak edib.
Tədbirin əvvəlində Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Vətən müharibəsi zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun və xalqımızın birliyindən, Azərbaycan oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıb. İdarə müdiri adları tarixə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib. İdarə müdiri onu da qeyd edib ki, təhsil idarəsinin əhatə etdiyi ərazilərdə müsabiqədənkənar işlərə qəbul zamanı işlə təminetmə prosesində müraciətçinin ilk olaraq şəhid ailəsinin üzvü, qazi və ya Vətən müharibəsi iştirakçısı olması diqqətdə saxlanılır, şəhid ailələri tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür.
Şəhər İcra Hakimiyyətinin başçısının müavini Elman İmamverdiyev çıxış edərək tarixi qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayıb və belə vətənpərvər, mərd, şücaətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkürünü bildirib. Dövlətimizin və xalqımızın hər zaman şəhidlərin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını diqqətə çatdırıb.
Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı şəhidlərimizin ailə üzvləri belə xoş ənənənin mütəmadi olaraq davam etdirilməsini onlara göstərilən mənəvi dəstək, qayğı olduğunu vurğulayıb, minnətdarlıqlarını bildiriblər.
Daha sonra şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib.