02.11.2022

Qəbələdə gənc müəllimlərlə görüş keçirilib

Noyabrın 2-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə Qəbələ rayonunda ümumtəhsil məktəblərinin gənc müəllimləri ilə görüş keçirilib.

Tədbirdə Regional İdarənin Tədrisin keyfiyyəti sektorunun əməkdaşları Zamik Cəbiyev və Elvin Mustafayev, Qəbələ rayonu üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova və 2022-2023-cü tədris ili üzrə rayon ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu müsabiqəsində uğur qazanaraq müddətsiz müqavilə ilə çalışmaq imkanı əldə edən müəllimlər iştirak ediblər.

Görüşdə son illərdə müəllimlərin stimullaşdırılması, peşəkarlığının daha da artırılması istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirildiyi qeyd edilib. Hər il gənc müəllimlərin sayının daha da artmasının gənclərin müəllimlik peşəsinə olan marağından xəbər verdiyi bildirilib və şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışılıb.

Sonra müəllimlərin ehtiyac və qayğıları öyrənilib. Onların təcrübələrinin və gələcək prespektivlərini artırmaq üçün müvafiq tövsiyələr verilib.

Daha sonra qarşılıqlı fikir mübadiləsi aparılıb, gənc müəllimləri düşündürən məsələlərə aydınlıq gətirilib.

Sonda görüş iştirakçılarına Regional İdarənin kollektivdə sağlam psixoloji mühitin dəyərləndirilməsi ilə bağlı anonim məmnuniyyət sorğusu təqdim olunub.

Qeyd edək ki, görüşün keçirilməsində əsas məqsəd gənc müəllimlərin problemləri, fəaliyyətlərində qarşılaşdıqları çətinliklərlə maraqlanmaq və onlara dəstək göstərməkdən ibarətdir.


Açar sözlər: ,  ,