06.11.2022

"Zəfərə gedən yol" adlı tədbir keçirilib

Oğuz rayon Təhsil Sektoru və ATİAHİ Oğuz rayon Komitəsinin təşkilatlığı ilə “Zəfər Günü”nə həsr olunan "Zəfərə gedən yol" adlı tədbir keçirilib.

Tədbirdə I və II Qarabağ müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər, rayon təhsil sektorunun müdiri S.Nəbiyev, ATİAHİ Oğuz rayon Komitəsin sədri F.İbrahimov, ittifaq üzvləri və sektorun əməkdaşları iştirak edib.

Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə ATİAHİ Oğuz rayon Komitəsinin sədri F.İbrahimov açaraq 2020-ci il sentyabrın 27-də başlayan və noyabrın 8-də parlaq qələbə ilə nəticələnən Vətən müharibəsindən danışıb. Azərbaycan xalqının Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini və mübarizliyini nümayiş etdirdiyini diqqətə çatdırıb.

Oğuz rayon Təhsil Sektorunun müdiri S.Nəbiyev Zəfər Günü münasibətilə təbrik edərək parlaq qələbəni şanlı tariximizin qızıl səhifəsi adlandırıb. Əbədi torpaqlarımızın azad edilməsi uğrunda canlarını qurban verən şəhidlərin yalnız Azərbaycan xalqının deyil, bütün türk dünyasının əbədi qəhrəmanları olduğunu deyib.

Tədbirdə Oğuz şəhər H.Babayev adına 1 nömrəli tam orta məktəbin tarix müəllimi D.Rəhimova, M. Kərimov adına Bayan kənd tam orta məktəbin kitabxanaçısı Z.Umarova, Vətən müharibəsi iştirakçıları olan Xalxal kənd tam orta məktəbin kitabxanaçısı S.Əhmədov və Qarabaldır kənd tam orta məktəbin coğrafiya müəllimi C.Kamilli çıxış edərəm 44 gün davam edən "Dəmir yumruq" əks-hücum əməliyyatı zamanı biz xalq-ordu birliyinin şahidi olduğunu, tariximizin ən vacib zəfərlərindən birini qazandığını, bu Qələbə üçün Ali Baş Komandanımız cənab İlham Əliyevə, Azərbaycan Ordusunun hərbi qulluqçularına və bütün xalqımıza minnətdar olduğunu vurğulayıb. Habelə Vətən müharibəsi iştirakçıları Vətən müharibəsində keçdikləri döyüş yolundan danışıblar. Azərbaycanın igid oğullarının Vətən müharibəsində göstərdikləri şücaəti, qəhrəmanlığı Vətənə olan sonsuz sevginin ifadəsi kimi dəyərləndiriblər.

Zəfər Gününə həsr olunan tədbirin sonunda şəhid ailələri və müharibə iştirakçıları hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,