07.11.2022

Qaxda Vətən müharibəsində iştirak edən müəllimlərlə görüş keçirilib

8 Noyabr - Zəfər Günü münasibətilə Vətən müharibəsində iştirak etmiş Qax rayonunun ümumi təhsil məktəblərində çalışan təhsil işçiləri ilə görüş keçirilib.

Görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun əməkdaşı Vəli Əmirli, rayon Təhsil sektorunun müdiri Babək Heydərli, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Qax rayon komitəsinin sədri Təranə Həşimova və Vətən müharibəsinin iştirakçısı olmuş təhsil işçiləri iştirak ediblər.

Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli Ordumuzun qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasının qoyduğu bildirilib. Qarabağ tarixini şagirdlərinə öyrədən, vətənpərvərlik tərbiyəsi verən müəllimlərin Vətən müharibəsində şagirdləri ilə çiyin-çiyinə döyüşərək şanlı Zəfərin qazanılmasında iştirak etdikləri və vətənpərvərlik nümunəsi göstərdikləri diqqətə çatdırılıb.

Müharibə iştirakçıları olmuş müəllimlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən, cəbhə xatirələrindən danışıb, görüşün təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Sonda müharibə iştirakçısı olmuş müəllimlərə fəxri fərman və hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,