07.11.2022

“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

Şəki şəhər 10 və 11 nömrəli tam orta məktəblərin dəstəyi, Şəki şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

Tədbir iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, Vətən uğrunda canlarından keçən qəhrəman oğulların məzarları üzərinə gül dəstələri düzüblər.

Şəhər 10 nömrəli tam orta məktəbin akt zalında keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin rəsmi hissəsində Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Ariz Əhmədov, 10 nömrəli tam orta məktəbin direktoru Büllur Abdulsəlimli, şəhər icra hakimiyyətinin şöbə müdiri Tural Məmmədov, şəhər təhsil sektorunun metodisti Abdurahman Məmmədov, Olimpiya İdman Kompleksinin direktoru Yusif Qaffarov, qazi Qaçay Məmmədov və başqaları çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən bəhs ediblər.

Sonra Zəfər Günü ilə bağlı hazırlanmış videoçarx təqdim olunub.

Tədbirdə 10 nömrəli tam orta məktəbin şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,