Oğuz rayonunda Zəfər Günü və Dövlət Bayrağı Gününə həsr olmuş tədbirlər keçirilib. Əvvəlcə tədbir iştirakçıları Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları önünə gül dəstələri qoyub, ruhlarına dualar oxuyub.
Oğuz rayon İcra Hakimiyyətinin başçısı E.Qurbanov, millət vəkili A.Naxçıvanski, Oğuz RTS-ın müdiri S.Nəbiyev, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri, məktəblilər, yeniyetmə və gənclərin iştirakı ilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, şəhidlərimizin xatirəsi sükutla yad edilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra başımızın üzərində dalğalanan üçrəngli bayraq suverenliyimizin simvolu kimi bütün soydaşlarımız üçün qürur mənbəyinə, müqəddəs dövlət rəmzlərindən birinə çevrilib. Bildirilib ki, Vətən müharibəsində Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməklə tarixi zəfər qazanılıb, üçrəngli bayrağımız bu torpaqlarımızda dalğalandırılıb.
Tədbirlərin sonunda məktəblilərin təqdimatında “Dövlət Bayrağımız qürur mənbəyimizdir”, "Zəfərimiz əbədidir" mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.