“2022: Yaponiya-Azərbaycan Dostluq İli” çərçivəsində oktyabrın 28-də Şəki şəhərində Yaponiyanın ölkəmizdəki səfirliyinin və bu ölkənin Hitachi Hightech şirkətinin birgə əməkdaşlığı ilə Şəki şəhər Kimya-biologiya təmayüllü Respublika Liseyinin şagirdləri üçün “Hitachi Hightech Təbiət Elmləri Təhsilinə Dəstək” tədbiri həyata keçirilib.
`Heydər Əliyev Mərkəzində reallaşan və Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə təsadüf edən tədbirdə bu ölkənin Azərbaycandakı səfirliyinin müşaviri Takeya Yukihiro, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Bəhruz Mehdiyev, Şəki Şəhər İcra Hakimiyyətinin rəsmi nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Təlim zamanı şagirdlərə Hitachi Hightech şirkətinə məxsus elektron mikroskop vasitəsilə çəkilmiş müxtəlif görüntülər və biologiya üzrə maraqlı məlumatlar verilib, yeni biliklər aşılanıb. Hitachi Hightech Rusiya və Yaponiya ofislərinin birgə hazırladıqları və dünyanın bir sıra ölkələrində təqdim etdikləri təlim dərsi prezentasiya ilə başlanıb, daha sonra 7-ci sinif şagirdlərinə elektron mikroskopu uzaqdan idarə edərək müxtəlif nümunələrə baxmaq imkanı yaradılıb.
Tədbirin əsas məqsədi şagirdlərin təbiət elmlərinə olan marağını artırmaq, gündəlik həyatlarında gördükləri əşya və ya canlıların quruluşları ilə bağlı düşündürərək təbiət elmlərinin əyləncəli tərəfini aşılamaq, eyni zamanda, Yaponiya istehsalı olan qabaqcıl texnologiyanı təqdim etmək olub. Bundan əlavə, tədbir vasitəsilə şagirdlərin Yaponiyaya olan marağının artırılmasına və bununla da, iki ölkə arasında əlaqələrin daha genişlənməsinə və inkişafına töhfə olacağı gözlənilir.