28.10.2022

Şagird davranış qaydaları müzakirə olunub

Zaqatala rayonu üzrə Təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin direktor və direktor müavinləri ilə ümumi təhsil müəssisələrində şagird davranış qaydaları və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi mövzusunda görüş keçirilib.

Görüşdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, İdarənin və yerli rayon Təhsil sektorunun əməkdaşları, direktor və direktor müavinləri iştirak ediblər.

Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev “Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları” və “Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat”ın hazırlanma prosesi, məğzi və əhəmiyyətindən söz açıb. Həmçinin məktəb-valideyn, müəllim-şagird münasibətlərinin sivil formada tənzimlənməsinin, qarşılıqlı əməkdaşlığa əsaslanan atmosferin yaradılmasının mühüm əhəmiyyət kəsb etdiyini deyən M.Mehdiyev ötən dərs ilinin nəticələrinin təhlili zamanı qarşıya çıxan məsələlərə diqqətin artırılması, ümumi təhsil müəssisələrinin idarəedilməsi işinin təkmilləşdirilməsi, cari tədris ilində görüləcək işlərə və qarşıda duran əsas məsələlərə də toxunub.

Daha sonra müvafiq sənədlərlə bağlı müzakirə aparılıb, təklif və rəylər dinlənilib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi tərəfindən hazırlanan "Ümumi təhsil müəssisələrində şagird davranış qaydaları"nda və "Valideyn-məktəb münasibətlərinin tənzimlənməsi üzrə təlimat"da davamiyyət və punktuallıq, geyim və xarici görünüş, təhlükəsizlik, öyrənmə prosesində davranış və qarşılıqlı münasibətlərin tənzimlənməsi, ümumi təhsil müəssisəsinin əmlakına və şəxsi əşyalara qayğı, etik davranış və digər məsələlər yer alıb.