Oktyabrın 27-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Qax rayonunda şəhid ailələrinin üzvləri ilə görüşüb.
Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, təhsil sektorunun müdiri Babək Heydərov və şəhid ailələrinin üzvləri iştirak edib.
Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək, Vətən müharibəsi zamanı Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı şanlı Qələbədən, xalqımızın birliyindən, Vətən oğullarının misilsiz qəhrəmanlıqlarından söz açıb. İdarə müdiri adları tarixə əbədi yazılan şəhidlərimizin ölkəmizdə daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu vurğulayaraq vətənpərvər, mərd, şücaətli övladlar yetişdirdiklərinə görə şəhid valideynlərinə minnətdarlığını bildirib. Qeyd edib ki, Təhsil İdarəsinin əhatə etdiyi ərazilərdə müsabiqədənkənar işlərə qəbul zamanı işlə təminetmə prosesində müraciətçinin ilk olaraq şəhid ailəsinin üzvü, qazi və ya Vətən müharibəsi iştirakçısı olması diqqətdə saxlanılır, şəhid ailələri tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür.
Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı şəhidlərimizin ailə üzvləri belə xoş ənənənin mütəmadi olaraq davam etdirilməsini onlara göstərilən mənəvi dəstək, qayğı olduğunu vurğulayıb, minnətdarlıqlarını bildiriblər.
Daha sonra şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib.