20.10.2022

Regional Təhsil İdarəsinin müdiri Oğuzda şəhid ailələri ilə görüşüb

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev Oğuz rayonunda şəhid ailələrinin üzvləri ilə görüşüb.

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev,  təhsil sektorunun müdiri Sərdar Nəbiyev, Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqının Oğuz rayon Komitəsinin sədri Fərman İbrahimov və şəhid ailələrinin üzvləri iştirak edib.

Tədbirin əvvəlində ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxış edərək 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan tarixi qələbənin xalqımızın 30 illik həsrətinə son qoyduğunu, əzəli və tarixi torpaqlarımızın işğalçı qüvvələrdən təmizləndiyini bildirib. İdarə müdiri Azərbaycan Ordusunun əsl qəhrəmanlıq salnaməsi yazaraq “Dəmir yumruq” əməliyyatı zamanı bütün şəhidlərimizin qisasını döyüş meydanında aldığını qeyd edib.

Çay süfrəsi ətrafında davam edən səmimi söhbət zamanı çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra şəhid ailələrinin problemləri və onları narahat edən məsələlər dinlənilib.

Qeyd edək ki, Təhsil İdarəsinin əhatə etdiyi ərazilərdə müsabiqədənkənar işlərə qəbul zamanı işlə təminetmə prosesində müraciətçinin ilk olaraq şəhid ailəsinin üzvü, qazi və ya Vətən müharibəsi iştirakçısı olması diqqətdə saxlanılır, şəhid ailələri tərəfindən qaldırılan məsələlər dinlənilir, həlli istiqamətində müvafiq işlər görülür.


Açar sözlər: