Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəki, Oğuz və Qəbələ rayonlarının ümumtəhsil müəssisələrinin direktorlarına İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) Təhsil və bacarıqlar üzrə direktoru, eləcə də PISA (Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) rəhbəri Andreas Şleyxerin “Dünya standartları: XXI əsrin təhsil sistemini necə qurmalı” kitabının təqdimatı keçirilib.
Təqdimatda Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, “T-network”-un koordinatorları və məktəb rəhbərləri iştirak ediblər.
Təqdimat çərçivəsində “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması haqqında ətraflı məlumat verilib və kitabın ərsəyə gəlməsi prosesindən danışılıb.
Sonda iştirakçılara kitab hədiyyə olunub.
Qeyd edək ki, kitab Təhsil Nazirliyinin dəstəyi ilə “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platforması tərəfindən Azərbaycan dilində çap edilib.