05.10.2022

Balakəndə 5 Oktyabr–Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunda 5 Oktyabr–Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, təhsil sektoru müdiri Elçin Musayev, sektor və rayon təhsil müəssisələrinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan təhsil sektorunun müdiri Elçin Musayev Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək ölkəmizdə, o cümlədən Balakən rayonunda görülən işlərdən ətraflı danışıb. RİH başçısı bildirib ki, Ümummilli lider Heydər Əliyev daim təhsil işçilərinə böyük diqqət və qayğı ilə yanaşıb. Bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil ocaqlarının maddi-texniki bazasının gündən-günə gücləndirilməsi, müəllim əməyinin qiymətləndirilməsi, qabaqcıl müəllimlərin mükafatlandırılması, təhsil sahəsində aparılan islahatlar şərəfli peşə sahiblərinə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Təhsil sektoru müdiri Elçin Musayev, Nizami adına şəhər 1 nömrəli tam orta məktəbin direktoru Şəfiqə Tütünçüyeva, Qullar kənd 1 nömrəli tam orta məktəbin direktoru Vəfa Emçiyeva, Hənifə kənd tam orta məktəbin direktoru Cavanşir Alqayev və digərləri çıxış edərək ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan və qarşıya qoyulan vəzifələrdən danışıblar.

Daha sonra Balakən Rayon İcra Hakimiyyəti tərəfindən fəaliyyətində fərqlənən bir qrup təhsil işçisinə fəxri fərmanlar təqdim olunub.


Açar sözlər: ,