27.09.2022

Şimal-qərb bölgəsinin məktəblərində Anım Günü tədbirləri keçirilib

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 27 sentyabr Anım Günü ilə bağlı tədbirlər təşkil olunub.

Ümumi təhsil müəssisələrində Anım Günü ilə bağlı konfrans, seminar, mühazirə, “Dəyirmi masa”, foto və rəsm sərgiləri, açıq dərslər və ədəbi-bədii kompozisiyalar keçirilib.

Tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, 27 sentyabr Anım Günü barədə şagirdlərə məlumat verilib. 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığı şagirdlərin diqqətinə çatdırılıb. Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı, canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu bildirilib.

Qeyd edək ki, təhsil müəssisələrində Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş ağacəkmə aksiyaları da keçirilib.


Açar sözlər: ,  ,  ,  ,  ,  ,