07.09.2022

Zaqatalalı məzunlardan 390 nəfəri tələbə adını qazanıb

Sentyabrın 7-də Zaqatala rayon Heydər Əliyev Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşü olub.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla yad ediblər.

Rayon rəhbərliyinin, müəllim və valideynlərin iştirak etdiyi tədbirdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Zaqatala rayonu üzrə Təhsil sektorunun müdiri Kəmalə Əhmədova ali məktəblərə qəbul imtahanlarında zaqatalalı məzunların qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 580 məzundan 390 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 50 nəfəri 500-700 bal arasında, o cümlədən 14 nəfər 600 baldan yuxarı nəticə göstərib. Zaqatala şəhər akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin məzunu Zeynəb Acalova qəbul imtahanlarında rayon üzrə hamıdan çox – 674 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.

Tədbirdə akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin direktor əvəzi Vüsalə Mahmudova, yüksək bal toplayan məzunun valideyni Aytəkin Əhmədova, yüksək balla ali məktəblərə daxil olan məzunlar çıxış edərək, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.

Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara pul və qiymətli hədiyyələr təqdim olunub.


Açar sözlər: ,  ,