08.09.2022

Balakənli məzunlardan 290 nəfəri tələbə adını qazanıb

Sentyabrın 8-də Balakən Rayon Mədəniyyət Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış məzunlarla görüş keçirilib.

Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev ali məktəblərə qəbul imtahanlarının nəticələrinin rayonun məzunları üçün uğurlu olduğunu bildirib. Diqqətə çatdırılıb ki, Balakən şəhər Nizami adına 1 saylı tam orta məktəbin məzunu İlham Qadalov qəbul imtahanlarında rayon üzrə hamıdan çox – 662 bal toplayaraq Bakı Mühəndislik Universitetinə daxil olub. Humanitar və texniki təmayüllü liseyin, Balakən şəhər 1 və 2 nömrəli, Kortala və Qaravəli kənd tam orta məktəblərin məzunları ali məktəblərə qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstəriblər. Tədris ilinin yekunlarına görə, 1 məzun gümüş nişana layiq görülüb, 9 nəfərə fərqlənmə attestatı verilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun müdiri Elçin Musayev, rayon Gənclər və İdman İdarəsinin rəisi Rasim Paçalov, yüksək bal toplayan məzunun valideyni Aynurə Əliyeva, ən yüksək bal toplayan məzun İlham Qadalov çıxış edərək, gəncləri tələbə adı qazanmaları münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

Çıxış edənlər təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Sonda imtahanlarda yüksək nəticə göstərən məzunlar qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş balakənli məzunlardan 290 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 46 nəfəri 500-dən, 10 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.


Açar sözlər: ,  ,