Sentyabrın 9-da Oğuz rayon Mədəniyyət Mərkəzində ali məktəblərə builki qəbul imtahanlarında yüksək nəticə göstərərək tələbə adını qazanmış gənclərlə rayon ictimaiyyətinin görüşü olub.
Rayon rəhbərliyinin, müəllimlərin və valideynlərin iştirak etdiyi tədbirdə regional idarənin Oğuz rayonu üzrə Təhsil sektorunun müdiri Sərdar Nəbiyev ali məktəblərə qəbul imtahanlarında məzunların qazandıqları uğurlar barədə danışıb. Bildirilib ki, bu il ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 334 məzundan 183 nəfəri tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 29 nəfəri 500-700 bal arası, o cümlədən 2 nəfər 600 baldan yuxarı nəticə göstərib.
Tədbirdə Vətən Müharibəsi Qəhrəmanı şəhid Nail İbrahimlinin anası Aqibət İbrahimova, Oğuz şəhər internat tipli liseyin direktoru Qəmzə Süleymanova, Xaçmaz kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi Günay Hacılı, Oğuz şəhər N.İbrahimli adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi Mətanət Kərimova, yüksək bal toplayan məzun Nurcan Nafızadə çıxış edərək, təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Eyvaz Qurbanov tələbə adını qazanan gəncləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
Rayon icra hakimiyyətinin və Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının adından qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara pul və qiymətli hədiyyələr təqdim olunub.