Sentyabrın 15-də Qəbələ rayon Zarağan kənd 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib.
Açılış mərasimində Elm və Təhsil nazirinin müavini İdris İsayev, Qəbələ rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Qəbələ rayon üzrə Təhsil sektorunun müdiri Arifə Bayramova, məktəbin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
İlk öncə çıxış edən Elm və Təhsil nazirinin müavini İdris İsayev tədbir iştirakçılarını ”Bilik“ günü münasibətilə təbrik edib. Qeyd edibki, təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi- texniki bazası daha da möhkəmləndirilib. Daha sonra təhsildə qazanılan uğurları və qarşıda duran vəzifələri diqqətə çatdırıb.
Tədbirdə çıxış edərək Rayon İcra Hakimiyəttinin başçısı Səbuhi Abdullayev yeni tikilmiş məktəb binası və dərs ilinin başlanması münasibətilə təbrik edib və təhsil işçilərinə uğurlar arzulayıb. Daha sonra son illər respublikamızda, o cümlədən rayonda təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin bu sahədə gördüyü ardıcıl tədbirlərdən, habelə Heydər Əliyev Fondunun xidmətlərindən bəhs edib.
Açılışdan sonra tədbir iştirakçıları yeni tədris ocağında yaradılmış şəraitlə tanış olublar.
Qeyd edək ki, məktəb binası 528 şagird yerlikdir. Yeni yaradılmış üçmərtəbəli məktəbdə kimya, biologiya, fizika kabinent daxil olmaqla 26 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları, idman zalı, akt zalı, kitabxana, yeməkxana, hərbi təlim, tibb və arxiv otağları və həyatyanı stadion şagirdlərin istifadəsinə verilib.