Sentyabrın 15-də Balakən rayonunda Rauf Hədisov adına Yeni Şərif kənd tam orta məktəbi üçün yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
Açılış mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, millət vəkili Nəsib Məhəməliyev, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev iştirak edib.
Bildirilib ki, 360 şagird yerlik tədris binasında 15 sinif otağı, kimya, biologiya, fizika kabinet və laboratoriyaları, informatika, gənclərin çağırışaqədərki hazırlıq və 2 texnologiya kabineti, məktəbəhazırlıq otağı, kitabxana və kompüterlərlə təchiz olunmuş oxu zalı, 140 nəfərlik akt zalı, qarderob, idman zalı, 84 nəfərlik bufet şagirdlərin istifadəsinə verilib.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev Yeni Şərif kənd tam orta məktəbinin timsalında yüksək təchizatlı yeni məktəblərin tikintisinin, eyni zamanda ötən tədris ilində məzunların yüksək nəticə göstərməsinin uğurlu təhsil siyasətinin nəticəsi olduğunu qeyd edib.
Millət vəkili Nəsib Məhəməliyev çıxış edərək dövlət səviyyəsində təhsilə göstərilən diqqət və qayğıdan danışıb, son illər təhsilin inkişafı üzrə əhəmiyyətli işlərin görüldüyünü qeyd edib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev təhsildə keyfiyyətin artırılması və infrastrukturun yenilənməsinin dövlətimizin təhsil sahəsi üzrə prioritet istiqaməti olduğunu diqqətə çatdırıb, təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modelinin dayandığını bildirib.
"Qabaqcıl Təhsil İşçisi" fəxri adı, "Tərəqqi" medalı ilə təltif olunmuş məktəbin təqaüddə olan müəllimi Tinov Bağmanov çıxış edərək təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib, yeni tədris ilində şagirdlərə müvəffəqiyyətlər arzulayıb.
Daha sonra qonaqlar yeni tikilmiş tədris binasında yaradılmış şəraitlə yaxından tanış olublar.