12.09.2022

Şəkidə bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib

Sentyabrın 12-də Şəkidə bu il ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə əldə etmiş məzunlarla görüş keçirilib.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin təşkilatçılığı ilə keçirilən görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev, Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev,  Şəki Şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov, İdarənin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, Şəki rayonu üzrə təhsil sektorunun əməkdaşları, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki rayon komitəsinin sədri Ziyafət Xasiyeva, məktəb direktorları və yüksək ballı məzunlar iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Tədbirdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev tələbə adını qazanan məzunları təbrik edərək, onlara milli-mənəvi dəyərlərə sadiq, vətənpərvər, savadlı gənclər olaraq ölkəmizin sosial-iqtisadi və mədəni həyatında aktiv iştirak etmələrini arzulayıb. Qeyd edib ki, təhsilə göstərilən dövlət qayğısının nəticəsi olaraq, bu il region məzunları ali məktəblərə qəbul imtahanlarında uğurlu nəticələr qazanıblar.

Çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin başçısının müavini Həsən Həsənov tələbə adını qazanmış məzunları təbrik edərək, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb.

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev çıxış edərək tələbə adını qazanmış məzunları təbrik edərək, onlara gələcək həyatlarında və təhsillərində uğurlar arzulayıb, dövlətimizin daha da qüdrətlənməsi və inkişafı üçün təhsil alacaqları təhsil müəssisələrində biliklər qazanmalarını tövsiyə edib.

Daha sonra ali məktəblərə qəbul imtahanlarında Şəki rayonu üzrə ən yüksək nəticə göstərən Ümman Məmmədov çıxış edərək  göstərilən qayğıya görə minnətdarlıq bildirib.

Sonda yüksək nəticə göstərən məzunlara fəxri fərman və hədiyyələr verilib.

Qeyd edək ki, Şəki rayonu üzrə ali məktəblərə daxil olmaq üçün sənəd vermiş 1251 nəfər məzundan artıq 800 nəfər tələbə adını qazanıb. Qəbul imtahanlarında məzunlardan 163 nəfəri 500-700 arası, o cümlədən 51 nəfər 600 baldan yuxarı nəticə göstərib.


Açar sözlər: ,