Avqustun 16-da Balakən şəhər Humanitar və texniki təmayüllü liseydə Vətən Müharibəsi Qəhrəmanı şəhid Amin Novruzovun büstünün açılış mərasimi olub.
Tədbirdə Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, şəhidin ailə üzvləri, ictimaiyyət nümayəndələri, müəllimlər, şagirdlər və digər qonaqlar iştirak ediblər.
Tədbir Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Mərasimdə çıxış edən Şəki -Zaqatala Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev şagirdlərdə vətənpərvərlik ruhunu yüksəltmək, gənc nəslin tariximizə dair biliklərini möhkəmləndirmək, Vətənin bütövlüyü uğrunda canından keçmiş Azərbaycanın igid oğullarının xatirəsini əbədiləşdirmək üçün belə təşəbbüslərin təqdirəlayiq olduğunu bildirib.
İdarə müdiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində 44 gün ərzində torpaqlarımızın azad edilməsinin ölkəmizin həyatında yeni mərhələnin və inkişaf dövrünün əsasını qoyduğunu söyləyib.
Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Amin Novruzovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. İcra başçısı çıxışında, həmçinin bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan, dövlətimizin şəhidlərin adının əbədiləşdirilməsi və ailələrinə göstərdiyi xüsusi diqqətdən bəhs edib.
Tədbirdə çıxış edən şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.
Daha sonra tədbirdə məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.