04.08.2022

Peşə təhsili müəssisələrinə 2022-2023-cü tədris ili üzrə tələbə qəbuluna start verilib

Avqustun 1-dən peşə təhsili müəssisələrinə 2022-2023-cü tədris ili üzrə tələbə qəbuluna start verilib.

Peşə təhsili almaq istəyən şəxslər 1-12 avqust tarixlərində portal.edu.az üzərindən qeydiyyatdan keçərək “Peşə təhsili müəssisələrinə elektron tələbə qəbulu” xidməti vasitəsilə müraciət edə bilərlər. Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Qeyd edək ki, 2022-2023-cü tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsili müəssisəsində 127 ixtisas olmaqla 23 340 yer üzrə aparılır. Ayrılan plan yerlərində ötənilki rəqəmlərlə müqayisədə 10 faiz artım var.


Açar sözlər: ,