İyulun 22-də Şəki şəhər 11 nömrəli tam orta məktəbin akt zalında 2021-2022-ci tədris ilində Təhsil Nazirliyi tərəfindən həyata keçirilmiş müxtəlif müsabiqə qalibi olmuş Şəki məktəbliləri ilə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi əməkdaşları Altun Rəcəbli və Həmid Qasımov, Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdir müavini Günay Mahmudova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin sədri Ziyafət Xasıyeva, Şəki rayon Təhsil Sektorunun əməkdaşları, müəllimlər və Şəki rayon ümumtəhsil məktəblərindən müxtəlif müsabiqə qalibi olmuş şagirdlər iştirak ediblər.
Mükafatlandırma mərasimi Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Çıxış edənlər müsabiqənin qaliblərini, onların müəllimlərini və valideynlərini təbrik edib, onlara təhsildə və müstəqil həyatda nailiyyətlər arzulayıblar.
Sonda qaliblərə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin təşəkkürnaməsi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Şəki Rayon Komitəsinin hədiyyələri təqdim edilib.