19.07.2022

Qax rayonunda “Ceyranları qoruyaq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramının gənclərin maarifləndirilməsi və inkişafı istiqaməti üzrə Qax rayonunda “Ceyranları qoruyaq!” adlı növbəti ekoloji yay düşərgəsi keçirilib.

“Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsinin əsas məqsədi ceyranların reintroduksiya edildiyi ərazilərdə, o cümlədən onların məskunlaşdığı təbii areallara yaxın yerlərdə yaşayan gənc nəsli maarifləndirməkdir.

Düşərgə zamanı məktəblilər ceyranların həyat tərzi, ölkəmizdə məskunlaşma tarixi, yayıldığı ərazilər və təbiətdəki rolu, nadir canlı növünün populyasiyasının bərpası üzrə görülən işlər və uğurlar haqda təqdimat, təlim və ekskursiyalarda iştirak edib, o cümlədən müxtəlif ekoloji müsabiqələrə və ətraf mühitlə bağlı əyləncəli bilik yarışmalarına qoşulublar. Uşaqlara təbiətdə komandalararası ekoloji oyunlar, fauna növlərimizin ayaq izləri əsasında təyin edilməsi üzrə çalışmalar keçirilib, təbiət ərazilərində təhlükəsizlik qaydaları izah edilib.

Sonda iştirakçılara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.


Açar sözlər: ,