04.06.2022

Uşaq hüquqları ilə bağlı təlim keçirilib

Balakən rayonunda “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın icrası istiqamətində tədbirlər davam etdirilir. Belə ki, Fəaliyyət Planının müvafiq bəndində əksini tapan uşaq hüquqlarının müdafiəsi üzrə ayrı-ayrı sahələrdə mütəxəssis hazırlığının təmin edilməsi məqsədilə Balakən Rayon İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Balakən rayonu üzrə təhsil sektorunun tərəfdaşlığı ilə “Gənclər Evi” sosial xidmət müəssisəsində təlim təşkil olunub.

Təlimdə rayonun ümumi təhsil müəssisələrinin psixoloqları, uşaq birliklərinin rəhbərləri, məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri, habelə uşaqlarla iş sahəsində çalışan müəssisələrin əməkdaşları iştirak ediblər.

Təlimdə Balakən Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə psixoloqu Arzu Əliyeva, Təhsil sektorunun aparıcı məsləhətçisi Sevinc İbadova, “Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Hürü Salmanova, Balakən Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin uşaq şöbəsinin həkim-pediatrı Nuriyə Əhmədova çıxış edərək iştirakçıları mövzu üzrə məlumatlandırıblar.

Çıxışlarda uşaq hüquqları haqqında qanunvericiliyin və qəbul olunmuş beynəlxalq sənədlərin müəyyən etdiyi məsələlər, uşaq yaşlarından psixoloji hazırlılığın aşılanmasının vacibliyi, uşaqları müdafiə sistemini gücləndiməklə ölkə üzrə uşaqları müdafiə mexanizminin təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi, uşaq hüquqlarının müdafiəsinə hərtərəfli yanaşma prinsipləri, münaqişələrdən və dini ekstremizmdən əziyyət çəkmiş uşaqlara və onların ailələrinə sosial-psixoloji dəstək tədbirlərinin gücləndirilməsi məsələləri barədə ətraflı məlumat verilib.

Təlimdə, həmçinin çətin həyat şəraitində, baxımsız və sosial təhlükəli vəziyyətdə olan uşaqların aşkarlanması və onların sosial müdafiəsi, reabilitasiyası, cəmiyyətə inteqrasiyası sahəsində tədbirlərin həyata keçirilməsi, eyni zamanda, ölkəmizdə alternativ qayğı xidmətlərinin inkişafı həyatın bütün sahələrində uşaqlara qarşı zorakılıq hallarının baş verməməsi üçün edilməsi vacib olan məsələlər diqqətə çatdırılıb, iştirakçılara öz iş fəaliyyətlərində bu məsələləri nəzərə almaları tövsiyə edilib.

Daha sonra mövzu ətrafında və Fəaliyyət Planının müəyyən etdiyi məsələlər istiqamətində fikir mübadiləsi və müzakirələr aparılıb, mövcud problemlər səsləndirilib və iştirakçıların sualları cavablandırılıb.


Açar sözlər: