13.06.2022

“İntellektual klubların gənclər liqası”nın zona üzrə seçim turu başa çatıb

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarını təmsil edən, ümumilikdə 12 komanda üzrə 72 gəncin mübarizə apardığı “İntellektual klubların gənclər liqası”nın zona üzrə seçim turu başa çatıb.

İntellektual yarışın zona turunun nəticələrinə əsasən, Balakəni təmsil edən “Dynamite” komandası rəqiblərindən daha çox sualı cavablamaqla zona turunun qalibi olub. Qaxı təmsil edən “Liverpool” komandası II, Şəkini təmsil edən “Expecto patronum” komandası III yerin sahibi olub. Qaliblərə sertifikat, medal, kubok və hədiyyələr təqdim edilib.

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və "Gənclərin Maarifləndirilməsinə Dəstək" İctimai Birliyinin təşkilatçılığı, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və Badamlı şirkətinin tərəfdaşlığı ilə həyata keçirilən “İntellektual klubların gənclər liqası”nın regionlar və Bakı üzrə qalib komandaları 18-19 iyun tarixlərində Bakıda keçiriləcək 2 günlük final mərhələsində iştirak edəcəklər.

Qeyd edək ki, zona turunun qalibi olmuş Balakənin “Dynamite” komandasının üzvləri Kənan Namazov, Simarə Həsənova, Sehri Kazımova Talalar 1 nömrəli kənd tam orta, Tamella Layıcova Vətən Müharibəsi Qəhrəmanı Amin Novruz adına Humanitar və Texniki təmayüllü liseyin, Şərif Məmmədov Nəsimi adına şəhər 2 nömrəli tam orta, İmran Qurbanəliyev S.Vurğun adına Qullar 1 nömrəli kənd tam orta məktəbinin şagirdləridir.

Zona turunun qalibi olmuş məktəblilərimizi təbrik edir, yarışın final mərhələsində uğurlar arzulayırıq.


Açar sözlər: ,