İyunun 14-də Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.
“Son zəng” tədbirlərində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin, habelə rayonlar üzrə təhsil sektorlarının əməkdaşları, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, şəhid ailələri, qazilər və məktəb məzunları iştirak ediblər.
Himn sədaları altında Azərbaycan bayrağının yüksəldilməsi ilə başlanan “Son zəng” tədbirlərində məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.
Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.
Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və medallarla təltif olunublar.
“Son zəng” tədbiri məktəblərin daxilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.
Qeyd edək ki, 2021-2022-ci tədris ilində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərinin I siniflərini 8062, IX siniflərini 7420, XI siniflərini isə 5407 nəfər bitirib.